Elxan Orxan oğlu Cəfərov

Elxan Orxan oğlu Cəfərov

 

60 il

 

Bacarıqlı rəhbər, gözəl alim, mehriban və qayğıkeş insan 

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyyinin şöbə müdiri, sözün əsl mənasında keçmiş sovet bazasına əsaslanan milli mühasibat uçotu sisteminin beynəlxalq tələblərə uyğun təşkil edən qurucularından biri, ölkə iqtisad elminin layiqli nümayədəsi, bacarıqlı rəhbər, mehriban və qayğıkeş insan, alim-iqtisadçı Elxan Orxan oğlu Cəfərovun 60 yaşı tamam olmuşdur.  

Elxan Cəfərov hər bir soydaşımıza örnək olan şərəfli bir ömür yaşayıb: Respublikanın əməkdar mühəndisi adına layiq görülmüş Orxan müəllimin və müəllim adına ucalıq, şərəf gətirmiş Afina xanımın ailəsində boya-başa çataraq tərbiyə almışdır. Valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi onun şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərmiş və erkən yaşlarından qəlbində elmə, biliyə sonsuz həvəs oyatmışdır. Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya göz açan şəhər məktəbində orta təhsil, iqtisadi bilik və elm ocağı sayılan D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alan Elxan Cəfərov həmin institutun aspirantı kimi 1986-cı ildə “Azərbaycanın elektrotexnik sənayesində məhsulun fondtutumu və onun aşağı salınma yolları” mövzusunda namizədlik dissertasiyanı uğurla müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.   

Həmin ildə Elxan müəllim Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin nəzdində Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnfonmasiya İnstitutunda  alim kimi əmək fəaliyyətinə böyük iqtisadçı vəzifəsindən başlamaqla şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirən Elxan Cəfərov həmin nazirliyin nəzdində “Azəraudit” mərkəzində şöbə rəisi vəzifəsində çalışmışdır. 1993-cü ildən hal hazıradək olan dövr Maliyyə Nazirliyinin müxtəlif vəzifələrində – idarə rəisinin müavini, şöbə müdiri (idarə rəisi) kimi əmək fəaliyyətini davam etdirmişdir. 2002-ci ildən etibarən Elxan Cəfərov nazirliyin Uçot siyasəti şöbəsinin müdiri vəzifəsində çalışır.   

Göstərilən dövrdə bir-birindən məsul vəsifələri icra edən Elxan Cəfərov özünü kifayət qədər səriştəli mütəxəssis və bacarıqlı təşkilatçı-rəhbər kimi tanıtmaqla respublikanın dövlət orqanlarında, elm-təhsil və maliyyə qurumları dairələrində böyük hörmət və nüfuz qazanmışdır.  

O, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış 29 iyun 2004-cü il tarixli “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini işləyib hazırlayan əsas mütəxəssislərdən biri olmuşdur. 

 

O, MDB-yə daxil olan ölkələrin milli mühasibat uçotu sisteminin beynəlxalq tələblərə uyğun olaraq yenidən qurulması və həmin ölkələrdə mühasibat uçotu sahəsində mövcud promlemlərin aradan qaldırılması üzrə görülmüş tədbirlər barədə informasiya mübadiləsinin həyata keçirilməsi və bu sahədə maliyyə hesabatlılığının tətbiqinə dair ümumi prinsiplərin müəyyən edilməsi məqsədi ilə yaradılmış MDB-nin İcraiyyə Komitəsinin yanında mühasibat uçotu üzrə Koordinasiya Şurasının 2006-cı ildən üzvüdür. 

Nazirliyin rəhbərliyinin tapşırığı ilə 2006-cı ildən başlayaraq bu qanunla  müəyyən olunmuş beynəlxalq standartların tətbiqi üzrə mühasibat uçotunu tənzimləyən bir çox normativ hüquqi aktların layihələrinin işlənib hazırlanmasına rəhbərlik etmiş və bu sahədə qanunvericilik bazasının yaradılmasındə mühüm rol oynamışdır.  

Bunun nəticəsi kimi, hazırda aparılan mühasibat uçotu üzrə islahatların növbəti mərhələsində beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və məsuliyyətin artırılmasına dair müvafiq nəzarət mexanizmlərinin tətbiqinə başlanılmışdır.  

Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mülkiyyət formasından asılı olmayaraq müvafiq kommersiya təşkilatları və qeyri-kommersiya təşkilatları üçün beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanması, təqdim olunması və dərc edilməsi ilə bağlı qanunvericiliyin pozulmasına görə müvafiq normativ hüquqi aktlar qəbul edilmişdir. 

Bununla yanaşı mühasibat uçotu üzrə qəbul olunmuş beynəlxalq standartların dəyişdirilməsi və  yenilərinin təsdiq olunması ilə əlaqdar Elxan Cəfərov sözügedən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əsas icraçılardan biri olmuşdur və halhazırda bu işlər davam etdirilir. 

Koordinasiya Şurasının üzvü kimi 2006-cı ildən bu günədək Şuranın hər il keçirilən mötəbər yığıncaqlarında, həmçinin iqtisadiyyatın qloballaşdırılması şəraitində maliyyə hesabatlılığının keyfiyyətlə hazırlanmasına dair xarici ölkələrdə keçirilən toplantılarda Respublikamızı ləyaqətlə təmsil etmişdir. 

Elxan Cəfərov elmi fəaliyyətlə də sıx bağlıdır və bütövlikdə 60-artıq elmi əsərin müəllifidir.  

Onun Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutunda 1986-cı ildən 1992ci ilədək işlədiyi dövr ərzində rəhbərlik etdiyi Azərbaycanda mövcud olan informasiya potesialının istifadəsi və onun səmərəliyinin artırılması yolları mövzusu üzrə aparılmış elmi işlərin nəticələrinə  dair məqalələri Moskva, Alma-ata, Daşkənd və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda  oxunmuş və bu konfransları müvafiq xüsusi buraxılışlarında dərc edilmişdir.   

Elxan müəllimin Maliyyə Nazirliyində fəaliyyət göstərdiyi müddət ərzində 1993-cü ildən 2001-ci ilədək dövrü əhatə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrində formalaşdırılmış uçot siyasətinə vergi qanunvericiliyinin təsiri, bu sahədə mövcud olan problemlərin aradan qaldrılması, 2002-ci ildən hal-hazıradək olan dövrdə isə, mühasibat uçotu sisteminin beynəlxalq standartlara uyğun yenidən qurulması üzrə islahatların aparılması məqsədi ilə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi üzrə silsilə məqaləri elmi-iqtisadi jurnallarda çap olumuş və bu barədə elmi-tədqiqat və təhsil institutları tərəfindən kitablarıxüsusi nəşrləri   buraxılmışdır.

Elxan Cəfərovun bararıqlı rəhbər və alim kimi malik olduğu hörmət-izzət, əldə etdiyi nəticələr onun insanlığı ilə bilavasitə bağlıdır. Son dərəcə səmimi və eyni zamanda tələbkar, heç kimdən köməyini əsərgəməyən qayğıkeş, etibarlı iş yoldaşı, evcanlı-ailəcanlı insan olaraq, milli dəyərlərə önəm Elxan müəllim onu tanıyanlara örnəkdir.

Hörmətli Elxan müəllimi 60 illik münasibəti ilə ürəkdən təbrik edir, ona ən şirin nemət olan can sağlığı, şəxsi həyatda səadət, saysızhesabsız elmi nailiyyətlərlə dolu olan uzunömürlü və firavan həyat arzulayırıq.

Scroll to Top