160 illik

 

GÖRKƏMLİ TARZƏN SADIQCANIN 160 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli tarzən Sadıqcanın anadan olmasının 160 illiyi münasibətilə tədbir keçirilmişdir.

İştirakçılar əvvəlcə muzeyin foyesində “Sadıqcan və onun davamçıları” adlı sərgiyə baxmışlar. Muzeyin şöbə müdiri Təranə Qazıyeva böyük ustadın həyat və yaradıcılığı haqqında danışmışdır.

Əməkdar artistlər Zamiq Əliyev, Vamiq Məmmədəliyev, Elxan Mansurov novator və mahir sənətkar Sadıqcanın ifaçılıq məharəti haqqında söz açmış və tarda “Nəva”, “Mahur-hindi muğamlarını çalmışlar.

Xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, Qədim Musiqi Alətləri Ansamblının solisti Nuriyyə Hüseynova və başqaları muğam və təsniflərdən ibarət maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Tədbirdə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maddi dəstəyi ilə Azərbaycan musiqi mədəniyyəti tarixini özündə əks etdirən, Sadıqcanın 160 illik yubileyi ilə əlaqədar kitabarası nişanda 1908, 1916, 1987-ci illərin tarlarının təsviri verilmiş suvenir dəftərxana məmulatlarının təqdimatı olmuşdur.

Tədbirin sonunda Sadıqcanın nəticəsi Sabir Sadıqov mərasimin təşkilatçılarına və iştirakçılara minətdarlığını bildirmişdir.

Mənbə: AZƏRTAC

Scroll to Top